Gömrük Akademiyası ilə UNİSER Group arasında Memorandum imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “UNİSER Group” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Görüşdə qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın fəaliyyətindən söz açaraq hər iki tərəf arasında qurulan bu əməkdaşlığın kadr potensialının gücləndirilməsi və innovativ yanaşmaların tətbiqinə töhfə verəcəyini bildirib.
Şirkətinin direktoru Emin Xankişiyev 2015-ci ildən informasiya texnologiyaları sahəsində müasir və innovativ həllər təqdim edən “UNİSER Group”un fəaliyyətindən söz açaraq qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “UNİSER Group”şirkətinin direktoru Emin Xankişiyev əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.





